URL parametrləri veb-saytlarda istifadə olunan xüsusi protokollardır ki, bu protokollar sayəsində saytların dinamik məzmununu idarə etmək mümkündür.
URL parametrləri nədir?
URL parametrlərinin əsas məqsədi istifadəçilərin saytda etdiyi müəyyən əməllərə əsasən məzmunu fərdiləşdirməkdir. Bu, istifadəçilərin maraqlarına və seçimlərinə uyğun məzmunu təqdim etmək üçün çox faydalıdır. Bununla yanaşı, bu parametrlərin sayəsində saytların performansını və istifadəçi təcrübəsini yaxşılaşdırmaq mümkündür.
Amma URL parametrlərinin SEO üçün yaratdığı bəzi çətinlikləri də var. Eyni məzmunun müxtəlif URL-lərlə təqdim edilməsi, çoxsaylı məzmun problemlərinə səbəb ola bilər. Buna görə, onların doğru şəkildə konfiqurasiya edilməsi və idarə olunması çox vacibdir.
Hansı elementlərdən ibarətdir?
URL parametri 4 əsas hissədən ibarətdir.
Bəs bunlar hansılardır:
- Başlanğıc: “?” simvolu ilə təsvir olunur və URL-də parametrlərin başladığını göstərir.
- Parametr Adı (Açar): Bu dəyişənin adını təsvir edir. Məsələn, “color” və ya “size” kimi yazıla bilər.
- Parametr Dəyəri: Açarın dəyərini təsvir edir. Misal olaraq, “red” və ya “large” kimi yazıla bilər.
- Parametr Ayırıcısı: “&” simvolunun köməyi ilə təsvir olunur və birdən çox parametrin bir-birindən ayrılmasını təmin edir.
- Nümunə: https://example.com/products?color=red&size=large
Burada “color” və “size” parametr adlarıdır, “red” və “large” isə onların dəyərləridir.
Hansı məqsədlər üçün istifadə olunur?
URL parametrləri veb-saytların işləməsini tənzimləmək, istifadəçi təcrübəsini fərdiləşdirmək və məlumat toplamaq naminə çoxsaylı məqsədlər üçün istifadə olunur. Bu parametrlərin istifadəsinin əsas məqsədləri aşağıda təsvir olunmuşdur:
- Məzmunun fərdiləşdirilməsi: Bu sayədə stifadəçilərə öz maraq dairələrinə uyğun məzmun təqdim edilir. Məsələn, bir e-ticarət saytında müəyyən bir rəng və ölçüdə məhsul axtarışı üçün fərdiləşdirmə tətbiq edilə bilər.
- İzləmə və təhlil: Reklam kampaniyalarının effektivliyini ölçmək və təhlil etmək üçün də bu parametrlərdən istifadə olunur. Reklamın hansı mənbədən gəldiyini və istifadəçinin saytda hansı əməlləri icra etdiyini müəyyən etməyə kömək edir.
- Naviqasiya və filtrləmə: Saytlarda müəyyən kateqoriya, marka və ya qiymət aralığına görə məhsul axtarışını filtrləmək və daha asan istifadəçi təcrübəsi üçün tətbiq edilir.
- Sessiya məlumatları: İstifadəçinin saytda keçirdiyi vaxt, seçdiyi dil və ya coğrafi mövqe kimi məlumatları da parametrlərin köməyi ilə saxlamaq mümkündür.
- Test və optimallaşdırma: Fərqli sayt versiyalarını test etmək və saytın performansını optimallaşdırmaq üçün A/B testləri aparmaqda istifadə olunur.
- Təhlükəsizlik və İdentifikasiya: İstifadəçilərin identifikasiyası və təhlükəsizlik məqsədləri üçün müəyyən sessiya identifikatorları və ya tokenlər kimi məlumatları saxlamaqda parametrlər köməyə gəlir.
URL parametrlərinin səbəb olduğu əsas SEO problemləri nələrdir?
Parametrlərin doğru şəkildə istifadəsi saytın effektivliyini artıra bilər, lakin SEO üçün potensial risklər də yarada bilər. Buna görədə, onun düzgün idarə olunması və konfiqurasiya edilməsi çox vacibdir.
SEO üçün qarşılaşılan əsas problemlər isə aşağıdakı kimidir:
Dublikat Məzmun:
Eyni məzmunun müxtəlif URL-lərdə göstərilməsi axtarış motorları üçün təkrar məzmun kimi qəbul oluna bilər. Bu isə saytın SEO reytinqinə zərər verir. Dublikat məzmun iki və ya daha çox səhifənin eyni və ya çox bənzər məzmunu paylaşdığı zaman baş verir.
Belə məzmunlar axtarış motorları üçün problem yarada bilər, çünki onlar həmin məzmunun hansı versiyasını indeksləməli və axtarış nəticələrində göstərməli olduğunu müəyyən edə bilmir.
Nümunə:
Təsəvvür edin ki, bir e-ticarət saytınız var və hər bir məhsul üçün müxtəlif rəng variantları mövcuddur. Hər bir rəng variantı üçün ayrı-ayrı səhifələr yaratmağa qərar verirsiniz, lakin məzmun dəyişmir, yalnız rəng adı dəyişir. Bu, dublikat məzmun yaratmağa səbəb ola bilər.
Məsələn:
- example.com/ayakkabi/qara
- example.com/ayakkabi/ag
Dublikat məzmunun SEO üçün təsirləri:
- Reytinqin bölünməsi: Eyni məzmunun iki fərqli URL-də olması reytinq gücünün bölünməsinə səbəb ola bilər. Nəticədə, hər iki səhifənin də axtarış nəticələrində aşağı sıralarda göstərilməsinə gətirə bilər.
- İndeksləmə qarışıqlığı: Axtarış motorları eyni məzmunun hansı versiyasını indeksləməli olduğunu müəyyən edə bilmir. Ona görə də, müəyyən səhifələrin indeksdən kənar qalmasına səbəb ola bilər.
- Zəif istifadəçi yəcrübəsi: İstifadəçilər eyni məzmunu müxtəlif URL-lərdə görəndə saytın təşkilatçılığına və etibarlılığına şübhə ilə yanaşa bilərlər.
Qarışıq URL
URL-in qarışıqlığı veb-saytların SEO performansına böyük təsir edə bilən bir problemdir. Bu problem URL-lərin çox uzun, qeyri-standart və ya qeyri-intuitiv olması ilə əlaqəlidir. Qarışıq URL-lər istifadəçilər və axtarış motorları tərəfindən başa düşmək üçün çətindir və bu da saytın axtarış nəticələrində daha aşağı sıralanmasına səbəb olur.
Məsələn:
- Qarışıq: https://example.com/product/id12345/category/abcd/variant/xyz
- Sadələşdirilmiş: https://example.com/product/red-dress
İlk nümunədə istifadəçi və ya axtarış motoru üçün məhsulun nə olduğunu və ya kateqoriyanın hansı olduğunu başa düşmək çətindir. İkincidə isə açıq və başa düşülən bir formata sahibdir.
Qarışıq URL-in SEO-ya təsirləri:
- İstifadəçi Təcrübəsi: Qarışıq URL-lər istifadəçilər üçün başa düşmək çətindir, bu da onların saytdan tez ayrılmasına səbəb ola bilər.
- Backlink Qurma: Başqa saytlardan gələn keçidlər (backlinks) SEO üçün çox vacibdir. Lakin, heç kim qarışıq URL-lərə keçid vermək istəməz.
- Axtarış Motorları: Axtarış motorları sadə və təmiz URL-ləri üstünlük verir. Qarışıq URL-lər axtarış motorlarının saytın məzmununu düzgün indeksləməsini çətinləşdirə bilər.
- Mobil İstifadəçilər: Mobil cihazlarda URL-lərin oxunuşu daha çətin ola bilər. Bu isə mobil istifadəçilər üçün sayta girişi çətinləşdirə bilər.
Bu səbəbdən, veb-sayt sahibləri və ya developerlər URL-lərinin sadə, başa düşülən və SEO yönümlü olmasına diqqət etməlidir. Onların aydın və sadə olması, həm istifadəçi təcrübəsini yaxşılaşdırır, həm də saytın axtarış nəticələrində daha yaxşı sıralanmasına kömək edir. URL-in düzgün qurulması üçün struktur ilə tanış ola bilərsiniz.
İndeksləmə problemi
İndeksləmə axtarış motorlarının bir veb-saytın məzmununu oxuyub onu öz verilənlər bazasında saxlama prosesidir. Bu prosesin düzgün baş verməməsi, saytın axtarış nəticələrində göstərilməməsinə səbəb ola bilər, bu da saytın görünməz olmasına və trafik itirməsinə yol açar.
İndeksləmə probleminin SEO-ya təsirləri:
- Azalan Trafik: İndekslənməyən səhifələr axtarış nəticələrində göstərilməyəcək və sayta az trafik gəlməsinə səbəb olacaq.
- Rəqabətə qarşı zəiflik: Rəqiblərinizin səhifələri indeksləndiyinə görə potensial müştərilər rəqiblərinizin saytlarına yönləndiriləcək.
- SEO qiymətləndirməsinin azalması: Axtarış motorları indekslənməyən səhifələri qiymətləndirməyəcək, saytınızın ümumi SEO qiymətləndirməsinin azalmasına səbəb olacaq.
Naviqasiya problemləri
Naviqasiya bir veb-saytın istifadəçilərə və axtarış motorlarına məzmununa necə giriş etdiklərini göstərən strukturudur. Effektiv naviqasiya istifadəçilərin saytda asanlıqla hərəkət etmələrini və lazımi məlumatı tez tapmağını təmin edir. Lakin naviqasiya problemləri, saytın axtarış motoru optimizasiyasını (SEO) ciddi şəkildə təsir göstərir.
Naviqasiya Problemlərinin Səbəbləri:
- Kəsik linklər: Saytda işləməyən və ya yanlış səhifəyə yönləndirən keçidlər;
- Qarışıq menyu: Çoxlu alt kateqoriyalar və ya qeyri-intuitiv menyular;
- Responsivlik: Mobil cihazlarda düzgün göstərilməyən və ya işləməyən naviqasiya elementləri naviqasiya üçün əsas problemlərdir.
Təhlükəsizlik problemləri
Təhlükəsizlik hər hansı bir onlayn iş üçün əsas prioritetdir. Bir veb-saytın təhlükəsiz olmaması istifadəçilər üçün risk yarada bilər ki, bu da saytın axtarış motoru optimizasiyasına (SEO) ciddi təsir edə bilər.
Təsəvvür edin ki, sizin onlayn mağaza saytınız var və müştərilərin məlumatları təhlükəsiz deyil. Bir gün saytınıza hücum olunur və müştərilərin məlumatları ələ keçirilir. Bu hadisədən sonra “Google” kimi axtarış motorları saytınızı “təhlükəsiz deyil” kimi işarələyə bilər, bu da istifadəçilərin saytınıza girişində xəbərdarlıq mesajı görmələrinə səbəb olur.
Təhlükəsizlik problemlərinin SEO-ya təsirləri:
- Axtarış motoru dərəcələndirməsinin azalması: Saytın təhlükəsiz olmaması axtarış motorları tərəfindən dərəcələndirməsinin azalmasına səbəb ola bilər.
- Etibarın zədələnməsi: Təhlükəsizlik problemləri markanın etibarını zədələyir və müştərilərin sayta etibar etməməsinə səbəb olur.
- Trafik itkisi: “Təhlükəsiz deyil” xəbərdarlığı istifadəçilərin saytdan uzaqlaşmasına səbəbdir.
Təhlükəsizlik problemlərinin səbəbləri nələrdir?
- Zəif parollar: Saytın zəif və asan təxmin edilən parolları istifadə etməsi.
- Köhnəlmış platformalar: Saytın istifadə etdiyi platformanın və ya plaginlərinin köhnəlməsi.
- Şifrələnməmış məlumat ötürülməsi: HTTPS istifadə etmədən məlumatların ötürülməsi.
Parametrləşdirilmiş URL-ləri necə aşkar etmək olar?
Bu cür URL-ləri aşkar etmək və düzgün şəkildə idarə etmək saytınızın axtarış nəticələrində daha yaxşı performans göstərməsinə kömək edir. Bu məsələyə diqqət yetirməklə, saytınızın axtarış nəticələrində daha yaxşı performans göstərməsinə kömək edə bilərsiniz.
Parametrləşdirilmiş URL-ləri aşkar etməyin hansı yolları var?
- Veb-saytın naviqasiyası: Saytınızdakı keçidləri yoxlayaraq parametrləşdirilmiş URL-ləri aşkar edə bilərsiniz. Adətən, filtrləmə və ya axtarış funksiyaları ilə əlaqədar olur.
- Veb saytın xəritəsi: XML və ya HTML sayt xəritələrində parametrləşdirilmiş URL-ləri aşkar etmək mümkündür.
- Axtarış motoru alətləri: Google Search Console və Bing Webmaster Tools kimi axtarış motoru konsolları saytınızdakı URL-lərin siyahısını təqdim edir və hansıların parametrləşdirildiyini göstərir.
- SEO Təhlil Alətləri: SEMrush, Ahrefs kimi SEO təhlil alətləri saytınızdakı URL-ləri skan edərək parametrləşdirilmiş URL-ləri aşkar edə bilər.
Problemlərin həlli yönləri hansılardır?
Parametrləşdirilmiş URL-ləri təyin etdikdən sonra növbəti addım problemləri həll etməkdir. Bu mərhələdə siz istifadə etdiyiniz infrastruktur əsasında axtarışlar edə, lazım gələrsə, proqram tərtibatçınızla məsləhətləşə bilərsiniz.
Bu problemləri həll etmək üçün bir neçə əsas üsul mövcuddur: “Canonical etiketi”, “Noindex etiketi” və “Robots.txt” faylı
1. Canonical Tag ilə həll:
“Canonical etiketi” axtarış motorlarına bir səhifənin orijinal versiyasını göstərmək üçün istifadə olunur. Bu dublikat məzmun problemlərini qarşısını almağa kömək edir.
Eyni məzmunun fərqli URL-lərdə olması halında “canonical etiketi” orijinal səhifəni göstərmək üçün istifadə olunur və axtarış motorlarının orijinal səhifəni indeksləməsinə, dublikat səhifələri nəzərdən keçirməməsinə kömək edir.
Eyni məzmunun fərqli URL-lərdə olması halında, hər bir URL üçün aşağıdakı kimi canonical etiketi əlavə edə bilərsiniz:
<link rel=”canonical” href=”https://example.com/original-page/” />
Noindex Tag ilə həll:
2. Noindex Etiketi
“Noindex etiket”i axtarış motorlarına müəyyən bir səhifəni indeksləməməsini bildirmək üçün istifadə olunur. Bəzən, bəzi səhifələrin axtarış nəticələrində göstərilməməsi tələb olunur. Bu vəziyyətdə, “Noindex etiketi” ilə səhifənin indekslənməməsini təmin edə bilərsiniz.
Əgər sizin özəl bir səhifəniz varsa və bunun axtarış nəticələrində göstərilməməsini istəyirsinizsə, bu səhifənin <head> bölməsində aşağıdakı kimi “Noindex etiketi” əlavə edə bilərsiniz:
<meta name=”robots” content=”noindex”>
Robots.txt faylı ilə həll:
“Robots.txt” faylı axtarış motoru botlarının saytınızda hansı səhifələri ziyarət etməməsi və ya indeksləməməsi haqqında təlimatlar verir.
“Robots.txt” faylı saytınızın kök qovluğunda yerləşir və axtarış motorlarına saytınızdakı səhifələrə necə daxil olmağını və ya olmamağını təyin edir.
Əgər sizin özəl bir səhifəniz varsa və axtarış motorlarının bu səhifəyə daxil olmamasını istəyirsinizsə, “Robots.txt” faylında bu səhifəni qadağan edə bilərsiniz:
User-agent: *
Disallow: /ozel-sehife/
Bu üsulların hər biri URL parametrlərinin səbəb olduğu SEO problemlərini həll etmək üçün effektivdir. Bu üsullar saytınızın axtarış nəticələrində daha yaxşı performans göstərməsinə kömək edəcək.
Dəstək alın:
Saytınızdakı URL parametrləri ilə bağlı problem yaşayırsınızsa və ya SEO dəstəyi almaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın!
“Ondigital” kimi peşəkar bir komanda ilə işləmək, saytınızın axtarış motorlarında daha yaxşı performans göstərməsinə kömək edəcək. Biz problemləri dərhal aşkar edə, saytınızın SEO optimizasiyasını təkmilləşdirərək daha çox trafik və müştəri cəlb etməyə kömək edə bilərik.
Saytınızın potensialını maksimuma çatdırmaq üçün bizimlə əlaqə saxlayın.